Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin IV-VI sinif şagirdləri üçün yanvarın 18-dən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Mənim sevimli məşğuliyyətim” devizi altında innovativ dərnəklərə ekskursiyaya start verilib.
Ekskursiyada şagirdlərə mərkəzdə yeni yaradılan innovativ dərnəklər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 2019-cu ildə “İnnovativ dərnəklər” layihəsi əsasında mərkəzdə 12 adda yeni innovativ dərnəklər yaradılıb. Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətlərinin və istedadlarının üzə çıxarılması üçün dərnəklər lazımi avadanlıqlarla təmin edilib və nümunəvi tədris şəraiti yaradılıb.