Dekabrın 30-da – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası təltiflərinin təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanlara çalışdıqları sahələrdə fərqləndiklərinə görə təşəkkür edib, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbriklərini çatdırıb və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri orden, medal və fəxri adların döş nişanlarını və vəsiqələrini təqdim edib.
“Tərəqqi” medalı ilə təltif olunan Habil Babayev, Tutu Əhmədova, Sədaqət Quluyeva, Elnarə Məmmədova və Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adı ilə təltif olunan Zəhra Əliyeva minnətdarlıq edərək deyiblər ki, muxtar respublikada hər bir sahənin inkişafına diqqət göstərilir. Təhsil sahəsinə də bu diqqət və qayğıdan böyük pay düşüb. Müasir standartlar səviyyəsində qurulan məktəblər ən son texnoloji avadanlıqlarla təmin olunub. Təhsilə göstərilən qayğı, müəllim əməyinə verilən qiymət bizi daha səylə çalışmağa ruhlandırır. Bundan sonra da qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirəcək, gənc nəslin vətənpərvər ruhda yetişməsində əlimizdən gələni əsirgəməyəcəyik.