10 oktyabr 2020-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Təhsil naziri Rəhman Məmmədov çıxış edərək qeyd edib ki, Naxçıvan İnqilab Komitəsinin 10 oktyabr 1920-ci il tarixli qərarına əsasən Naxçıvanda ilk Təhsil şöbəsi yaradılmış və həmin şöbə 24 dekabr 1921-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığının Naxçıvanda Əlahiddə İdarəsinə, 18 yanvar 1924-cü il tarixdə isə Xalq Maarif Komissarlığına çevrilmişdir.Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 30 mart 1946-cı il tarixli fərmanı ilə Naxçıvan MSSR Xalq Maarifi Komissarlığının adı dəyişdirilərək Naxçıvan MSSR Maarif Nazirliyi adlanmışdır. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 16 dekabr 1988-ci il tarixli fərmanı ilə Naxçıvan MSSR Maarif Nazirliyi ləğv edilmiş, onun bazasında Naxçıvan MSSR Xalq Təhsil Nazirliyi yaradılmışdır. 3 dekabr 1990-cı ildən isə Xalq Təhsili Nazirliyi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi adlanır.