Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblilər arasında STEAM üzrə “Robotunu yarat” müsabiqəsi keçirilib. Müsabiqə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilib. Bir mərhələdə təşkil edilən müsabiqədə şəhər və rayon məktəblərinin VI-XI sinif şagirdləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Təhsil naziri Rəhman Məmmədov bildirib ki, STEAM təhsilinin muxtar respublikada tətbiqinin əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 7 iyun 2021-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində “STEAM Təlim-Tədris Mərkəzi” yaradılır, məktəblərdə STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Sərəncamın icrası ilə bağlı 53 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb, hazırda da əlavə olaraq 50 ümumtəhsil məktəbində STEAM kabinələrinin yaradılması istiqamətində işlər görülür.