Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən xalçaçılıq ənənələrinin qorunması və bu sahədə məşğulluğun artırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Keçirilən tədbirlərin davamı olaraq noyabrın 30-da Naxçıvan Şəhər Peşə Liseyində “Xalçaçı” kursunun müdavimlərinin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə Təhsil Nazirliyi Aparatının şöbə müdiri Vüsal Abdullayev açaraq tədbirin əhəmiyyətindən danışmış, il ərzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə tabe peşə məktəblərində “Xalçaçı” peşə kursu üzrə 3 qrupda 45 müdavimin təhsilini başa vuraraq sertifikatla təmin olunduğunu vurğulamışdır.