Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş muxtar respublika məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi-satışı təşkil edilib.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada uşaqlara göstərilən qayğıdan danışıb. Bildirib ki, ölkəmizdə gələcəyimizin qurucuları olan uşaqların hərtərəfli inkişaf etmiş bir şəxsiyyət kimi böyüməsi üçün dövlət qayğısı və diqqəti yüksək səviyyədədir. Bunu muxtar respublikamızda da aydın görmək olar. Onların milli dəyərlər əsasında tərbiyəsi, sosial ehtiyaclarının hərtərəfli təmini, sağlam mühitdə böyümələri, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili kimi məsələlər daim diqqət mərkəzində saxlanılır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında istedadlı şagirdləri üzə çıxarmaq, onlardakı tədqiqatçılıq qabiliyyətini inkişaf etdirmək üçün müxtəlif metodlar, innovativ layihələr tətbiq olunur, tədbirlər, bilik və yaradıcılıq müsabiqələri, sərgilər, idman yarışları keçirilir. Beləliklə də hər ötən il ümumtəhsil məktəblərinin şagirdləri istər qəbul, istərsə də muxtar respublika, ölkə və beynəlxaq səviyyəli müsabiqə və yarışlarda yüksək nailiyyətlər əldə edir, istedadlı uşaqların adları Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı”na yazılır, onlar Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülürlər.