Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir.
Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2020-ci il fevralın 21-dən martın 11‑dək internet vasitəsilə aparılır. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə saat 10-dan etibarən Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).
“21 fevral-Beynəlxalq Ana Dili Günü” ilə bağlı ümumtəhsil məktəbləri ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi arasında “Azərbaycan dili milli varlığımızdır” mövzusunda interaktiv dərs keçirilmişdir.
Fevral 19-da Çalxanqala kənd tam orta məktəbində II-IV sinif şagirdləri arasında “Naxçıvan – doğma diyarım” adlı bilik yarışı keçirilib. Bilik yarışının keçirilməsində məqsəd şagirdlərin intellektual səviyyəsinin, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması, məktəblilərin elmə, maarifləndirici yarışlara marağının artırılması, Naxçıvan Muxtar Respublikasının zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də şagirdlərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
20 fevral 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Xok kənd tam orta məktəbində “Oxunması zəruri olan kitablar”la bağlı viktorina keçirilib. Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Şəfəq Camallı qeyd edib ki, mütaliə hər bir insanın şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Belə ki, insan mütaliə edərək öz dünyagörüşünü, biliklərini, həyat təcrübəsini, mənəviyyatını, nitq qabiliyyətini daha da artırır. Mütaliə həm ayrı-ayrı fərdlərin, həm də bütövlükdə cəmiyyətin həyatının bütün sahələrinə bilavasitə təsir edir.
Şahbuz rayon “Araz” kinoteatrında rayon üzrə fəaliyyət göstərən uşaq müəssisələrində, o cümlədən ümumtəhsil məktəblərində, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində, musiqi məktəblərində sanitar-gigiyenik vəziyyəti ilə bağlı maarifləndirici seminar keçirilib. Tədbirdə Şahbuz rayonunda fəaliyyət göstərən uşaq müəssisələrinin metodist, tibb bacısı və müvafiq sahəyə məsul olan digər şəxsləri iştirak ediblər.