Konfrans iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlarla tanışlıqdan sonra abidə önündə xatirə şəkli çəkdirilib.
Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun konfrans iştirakçılarına təbrik məktubu oxunub.
Naxçıvan Muxtar Respublikası müəllimlərinin
konfransının iştirakçılarına
Hörmətli müəllimlər!
Sizi – Naxçıvan Muxtar Respublikasının müəllimlərini səmimi qəlbdən salamlayır, konfransa öz işində uğurlar arzulayıram.
Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə müəllim əməyinə daim yüksək qiymət vermiş, təhsilin inkişafını diqqətdə saxlamış, Azərbaycan müəllimi ölkəmizin ziyalı təbəqəsinin aparıcı qüvvəsinə çevrilmişdir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də bu siyasət uğurla davam etdirilir. Hazırda Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında təhsil sahəsi davamlı inkişafa qovuşub, ixtisaslı müəllim kadrları hazırlanır və müəllim əməyinə qayğıkeş münasibət göstərilir.
Muxtar respublikada 200-dən artıq ümumtəhsil məktəbinin tikilməsi və ya yenidən qurulması, ali və orta ixtisas təhsili müəssisələri üçün yeni tədris korpuslarının, universitet şəhərciklərinin, peşə məktəblərinin istifadəyə verilməsi pedaqoji fəaliyyət sahəsində geniş imkanlar açıb. Yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikada öz peşəsini dərindən sevən peşəkar müəllim ordusu formalaşmışdır.
Bu gün muxtar respublikada mütərəqqi təhsil metodlarının tətbiqi müəllim zəhmətinin bəhrələrini daha da artırır, ali və orta ixtisas məktəblərinə tələbə qəbulunda uğurlu nəticələr qazanılır, təhsil müəssisələrində təhsilli, vətənpərvər və geniş dünyagörüşə malik gənc nəsil yetişir.
Əminəm ki, muxtar respublika müəllimləri bundan sonra da təhsilin inkişafında yorulmadan çalışacaq, vətənpərvər və bilikli gənc nəsil yetişdirəcəklər.
Naxçıvan Muxtar Respublikası müəllimlərinin konfransını Naxçıvan təhsilinin inkişafında mühüm mərhələ kimi dəyərləndirir, çətin və şərəfli fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram.
Hörmətlə,
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif TalıbovNaxçıvan şəhəri, 07 dekabr 2018-ci il.
***
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək muxtar respublikada təhsilə göstərilən qayğıdan danışıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər görülür, təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir. Ötən dövrdə muxtar respublikanın şəhər, rayon və kəndlərində 200-dən çox təhsil müəssisəsi, o cümlədən məktəbəqədər və məktəbdənkənar təhsil, musiqi məktəbləri, Heydər Əliyev adına Hərbi Lisey, ali və orta ixtisas təhsili müəssisələri üçün yeni tədris korpusları tikilib istifadəyə verilib. Bu işlər 2018-ci ildə də davam etdirilib, 2096 şagird yerlik 8 ümumtəhsil məktəbi, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Tibb Kolleci və Ordubad Rayon Təhsil Şöbəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Hazırda 3 ümumtəhsil müəssisəsi və Naxçıvan Dövlət Universitetinin tibb fakültəsi üçün binaların tikintisi davam etdirilir.
Muxtar respublikanın ümumtəhsil məktəblərində 5500-dən artıq kompüter və 600-dən çox elektron lövhə quraşdırılıb, laboratoriyalar və fənn kabinələri şagirdlərin istifadəsinə verilib, kitabxanalar 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin olunub. Təhsil müəssisələrinin pedaqoji kadrlara olan tələbatını ödəmək məqsədilə muxtar respublikanın ali təhsil müəssisələrində pedaqoji yönümlü ixtisaslar açılıb, yüksək səviyyəli müəllim kadrların hazırlanması diqqətdə saxlanılıb.
Qeyd olunub ki, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə və təhsilə inteqrasiyası da diqqətdə saxlanılıb, məhdud fiziki imkanlı uşaqlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi, görmə və eşitmə qabiliyyəti məhdud uşaqlar üçün isə audio və elektron kitabxana yaradılıb.
Təhsil naziri qeyd edib ki, muxtar respublikanın təhsil müəssisələrində şagird, tələbə və müəllimlərin vahid geyim formasından istifadə etməsi tədrisin və təlim-tərbiyənin yüksəldilməsinə öz müsbət təsirini göstərib. 2018-ci ildən pedaqoji kadrların müsabiqə ilə işə qəbulu isə gənc kadrların işlə təmin olunmasına, eləcə də ümumtəhsil müəssisələrinin bilikli müəllimlərlə təminatına geniş imkanlar açıb. Hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində 49 min 224 şagirdin təhsili ilə 6642 müəllim məşğul olur. Onlardan 44-ü yeni tədris ili ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqədə yüksək nəticə göstərərək işlə təmin olunub. Hazırda rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd məktəblərində fəaliyyət göstərən 80 müəllimə həvəsləndirmə tədbirləri tətbiq edilib. Müəllimlərin ictimai fəallığı da artıb. Belə ki, muxtar respublika müəllimlərindən 13-ü Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Müəllimlərin maddi rifah halının yaxşılaşdırılması da diqqətdə saxlanılıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamları ilə bilik və bacarıqları qiymətləndirilmiş müəllimlərin əməkhaqları və dərs saatları artırılıb.
Müəllim əməyinə verilən yüksək qiymət, təhsil müəssisələrində yaradılanlar tədrisin səviyyəsini artırıb, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilbəil artıb. Əvvəlki illərdə olduğu kimi, 2017-2018-ci tədris ilinin də nəticələri uğurlu olub, məzunlardan 1781-i ali məktəblərə, 615-i isə orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Onlardan 331-i 500-700 arası bal toplayıb, 6 məzun isə Prezident təqaüdünə layiq görülüb. Muxtar respublikada təhsil sahəsində görülən işlər müəllim nüfuzunu yüksəldib, müəllimlik peşəsinə marağı əhəmiyyətli dərəcədə artırıb. Bunun nəticəsidir ki, 2017-2018-ci tədris ili üzrə məzunların 658-i, yaxud 37 faizi ali təhsil müəssisələrinin pedaqoji ixtisaslarına qəbul olub.
Təhsil naziri Rəhman Məmmədov bildirib ki, müəllimlərin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Muxtar respublikanın 24 ümumtəhsil məktəbi “ən yaxşı məktəb”, 40 müəllim isə “Azərbaycan Respublikasının ən yaxşı müəllimi” adına layiq görülüb. Müəllimlərdən 112-si “Azərbaycan Respublikasının Əməkdar Müəllimi”, 181-i isə “Naxçıvan Muxtar Respublikasının Əməkdar Müəllimi” fəxri adlarına layiq görülüb, 104 müəllim “Tərəqqi” medalı ilə təltif olunub.
Təhsil naziri təhsilə və müəllimlərə göstərdiyi diqqət və qayğıya və Naxçıvan Muxtar Respublikası müəllimlərinin konfransına ünvanladığı məktuba görə muxtar respublikanın bütün təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.
Konfransda Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev, Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva və Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Ülvanə Məmmədli çıxış ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunub, böyük hörmət və yüksək ehtiramla çəkilib. Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq, hər bir şəxs cəmiyyətdəki mövqeyinə, formalaşmasına və qazandığı biliklərə görə ilk növbədə müəllimlərinə borcludur. Çünki müəllimlər əsas vəzifəni gənclərin təhsili, təlim-tərbiyəsi məsələsini yerinə yetirirlər. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Muxtar respublikanın təhsil müəssisələrində yaradılmış şərait müəllimləri daha yaxşı işləməyə sövq edir.
Çıxış edənlər təhsilin inkişafı üçün yaradılan şəraitə görə muxtar respublikanın müəllimləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.
Tədbirin aparıcıları görkəmli pedaqoqların əsərlərindən parçalar oxuyub, təhsillə bağlı müdrik fikirləri konfrans iştirakçılarının diqqətinə çatdırıblar.
Sonra görkəmli pedaqoq, Naxçıvanda ilk dünyəvi məktəbin əsasını qoymuş maarifçi Məhəmməd Tağı Sidqiyə həsr olunmuş “Xalqın müəllimi” sənədli filminə baxış olub.