Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 13 aprel 2021-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Bahar fəsli” mövzusunda rəsm müsabiqəsi keçirilib. Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilən müsabiqədə 20-dən çox şagird iştirak edib. Müsabiqənin keçirilməsində məqsəd muxtar respublikanın inkişaf tarixinə, səfalı dağlarına, yaşıllığı və çiçəklərin əlvanlığı ilə göz qamaşdıran füsunkar təbiətini rəsmlərdə canlandırmaqla şagirdlərin bacarıqlarını və ideyalarını üzə çıxarmaq, onların yaradıcılıq potensialını inkişaf etdirməkdən ibarət olub.