Aprelin 15-də Naxçıvan Şahmat Mərkəzində növbəti interaktiv dərs keçirilib.
Muxtar respublikanın 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə vasitəsilə izlənilən dərs ümumtəhsil məktəblərinin şagirdləri üçün saat 11:00-da, ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün saat 12:00-da, Şahmat məktəbləri üçün isə saat 15:00-da baş tutub.
Şagird və müəllimlər üçün “İtalyan partiyasına aid oyunların təhlili” və “Yarışların keçirilməsi haqqında” mövzularında keçirilən interaktiv dərsi beynəxalq usta Talıb Babayev aparıb. Dərsdə şagirdlərə italyan partiyasına aid oyunlarla bağlı ətraflı məlumat verilərək bildirilib ki, italyan partiyası açıq debütlərə aiddir və 1.e4 e5 2.Af3 Ac6 3.Fc4 Fc5 4.c3 gedişləri ilə yaranır. Bu oyun yeni başlayanlar üçün çox maraqlı və düşünmə qabiliyyətini inkişaf etdirən oyundur. Digər debütlərdə olduğu kimi, bu debütdə də fiqurların aktivləşməsi əsas şərtdir. Məsələ həllində isə 2 gedişli mata aid məsələlər təqdim olunub, məsələlər dərs vaxtı ərzində həll edilib və ev tapşırığı verilib.