Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov açaraq bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 aprel 2015-ci il tarixli Sərəncamı ilə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılmışdır. 5 ildir fəaliyyət göstərən liseyin nəticələri yüksək səviyyədə olmuşdur. Belə ki, son 3 ildə liseyi bitirən 76 şagirddən hamısı, yaxud məzunların 100 faizi ali təhsil müəssisələrinə qəbul olmuş, onlardan 28-i 500-700 intervalında bal toplamışdır. Haliyədə Liseydə 239 şagird təhsil alır. 380 şagird yerlik Liseydə 19 sinif otağı, 2 kompüter otağı, şahmat otağı, fizika, kimya və biologiya laboratoriyaları, hərbi kabinə, bufet, idman zalı fəaliyyət göstərir.