Aprelin 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət gösətərən Televiziya və Radio Verilişləri Redaksiyasında bu münasibətlə tədbir keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli çıxış edərək bildirmişdir ki, bu gün muxtar respublikanın təhsil televiziyası və radiosunun internet saytının və yeni studiyasının təqdimatı keçirilir. Muxtar respublikanın kütləvi informasiya vasitələri müasir maddi-texniki bazaya, o cümlədən yayım və çap avadanlıqlarına malikdir. İlk dəfə ölkəmizdə rəqəmsal və yüksək keyfiyyətli yayıma muxtar respublikada keçilməsi, İP televiziyanın tətbiqi, informasiya agentliyinin yaradılması, media orqanlarının internet saytlarının fəaliyyətə başlaması, bütün yaşayış məntəqələrində televiziya yayımının təşkil olunması və sürətli internetə çıxış imkanının yaradılması informasiya-məlumatlandırma işinin günün tələbləri səviyyəsində qurulmasına şərait yaratmışdır.