Muxtar respublika fənn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə təhsil müəssisələrinin maddi-tədris bazası daha da möhkəmləndirilib, tədris prosesi günün tələbləri səviyyəsində qurulub. Fənn kabinələri, fizika, kimya, biologiya laboratoriyaları zəruri avadanlıqlarla təmin olunub. Yaradılan şərait yeni təlim metodlarının, o cümlədən STEAM təhsil metodunun tətbiqi üçün geniş imkanlar açıb. Bütün bunlar isə təhsilin səviyyəsinin yüksəldilməsini təmin edib, istedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdlər formalaşdırılıb. Belə şagirdləri aşkar etmək istiqamətində də müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında hər il muxtar respublikada keçirilən fənn olimpiadaları mühüm əhəmiyyət kəsb edir.
Savadlı olmaq üçün yalnız elmi biliklərə yiyələnmək kifayət deyil, bu işdə mütaliənin də böyük rolu var. Elə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bunu nəzərə alaraq gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşmasına xidmət edən “Oxunması zəruri olan kitablar haqqında” imzaladığı 2017-ci il 28 avqust tarixli Sərəncamı da, bu mənada, böyük əhəmiyyətə malikdir. Ötən müddət ərzində adıçəkilən Sərəncamın icrası istiqamətində həyata keçirilən tədbirlər öz bəhrələrini verməkdədir. Bunu haqqında eşitdiyim və həmsöhbət olduğum Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Əmir İmanovun timsalında da gördüm.