Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə fevralın 19-da “21 fevral - Beynəlxalq Ana Dili Günü” ilə bağlı muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim ana dilim” mövzusunda şeir müsabiqəsi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova şagirdlərə Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən danışıb. Bildirib ki, 2000-ci ildən fevralın 21-i Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri böyükdür. Dahi şəxsiyyətin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Ulu öndərin 2003-cü il 2 yanvar tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına qayğı ilə yanaşır.