Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi bu ildə uğurla icra olunur. Layihənin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, onlarda tədqiqatçılıq bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsidir.
"Sabahın tədqiqatçıları-2022" layihəsinə bu il Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərindən 50 şagird cəlb olunub. Həmin şagirdlər muxtar respublikamız üçün əhəmiyyətli olan müxtəlif mövzularda 29 alimlə birgə 5 istiqamətdə (Azərbaycan dili, Tarix, Biologiya, Kimya, Fizika) tədqiqatlar aparır. Biologiya istiqaməti üzrə bu il layihəyə 10 şagird cəlb olunub və onlar 8 mövzu üzrə 7 elmi rəhbərlə birgə tədqiqatlar aparırlar.