Avqustun 19-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının uğurla başa çatması münasibətilə tələbə adını qazanan məzunları, onların valideynlərini və bütün təhsil ictimaiyyətini təbrik edərək deyib: Hər bir xalqın inkişaf göstəricisi və dünya birliyində tutduğu mövqe onun təmsil etdiyi ölkənin təhsil səviyyəsi ilə ölçülür. Təhsili millətin gələcəyi sayan Azərbaycan təhsil siyasətinin banisi, ümummilli lider Heydər Əliyev bu sahəni ölkənin inkişafının prioritet sahəsi sayaraq deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq, hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanlar yaradılmalıdır”. Dahi rəhbərin təhsilin qarşısında duran vəzifələrlə bağlı tövsiyə və tapşırıqları Azərbaycanın strateji inkişafına xidmət edən, bütün dövrlər üçün aktual, yüksək dəyərli fəaliyyət proqramıdır.