Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2018-2019-cu tədris ilində məktəbi xüsusi nailiyyətlərlə başa vuran məzunlara qızıl və gümüş medalların təqdimatı keçirilmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qızıl və gümüş medallarla təltif olunan məzunları təbrik edərək muxtar respublikamızda təhsilin inkişafı istiqamətində görülən işlərdən, yaradılan şəraitdən danışdı.
Bildirildi ki, muxtar respublikamızda bütün sahələr kimi, təhsil də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Bunun nəticəsidir ki, ötən dövr ərzində 200-dən çox təhsil müəssisəsi istifadəyə verilmiş, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblər ən müasir informasiya texnologiyaları ilə, o cümlədən kompüter və elektron lövhələrlə təchiz olunmuşdur.