Uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün əlverişli şəraitin yaradılmasında, onların istirahətinin, asudə vaxtlarının mənalı təşkilinin təmin edilməsində məktəbdənkənar təhsilin böyük rolu var. Hazırda muxtar respublikada 36 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir ki, həmin müəssisələr müasir standartlara cavab verən ən yeni avadanlıqlarla zənginləşdirilib, uşaqların asudə vaxtlarında öz potensiallarını inkişaf etdirmələri üçün hər cür şərait yaradılıb. Məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklərin yaradılması ilə bağlı verilmiş tapşırığa əsasən 2019-2020-ci tədris ilindən etibarən ötən müddət ərzində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Şərur rayonunun məktəbdənkənar təhsil müəssisələrində və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə, ümumilikdə 30 innovativ dərnək yaradılmışdır. Qısa müddət ərzində bu dərnəklərin imkanlarından 1500-dən çox şagird yararlanmışdır.