Fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq təsərrüfat ayı olan martda təmizlik, abadlıq, yaşıllaşdırma və təsərrüfat işləri, eyni zamanda milli-mənəvi dəyərlərimizlə bağlı qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Müşavirədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mais Əliyev çıxış edərək aidiyyəti üzrə məlumat veriblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Naxçıvan Muxtar Respublikasında gigiyena-epidemiologiya və baytarlıq-təbabəti sahəsində dövlət proqramlarının qəbul olunması, həyata keçirilən qabaqlayıcı profilaktik tədbirlər sağlam ətraf mühit və sağlam qida təminatına imkan verir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublikada sanitar-epidemioloji vəziyyət sabitdir. Novruz bayramı ərəfəsində təmizlik-abadlıq və təsərrüfat işlərinin görülməsi də mühüm əhəmiyyət daşıyır. Çünki min illər ərzində formalaşmış Novruz adətləri xalqımızın məişət-sanitariya gigiyenası və təsərrüfat həyatı ilə sıx bağlıdır. Bu səbəbdən də mart ayında aid qurumlar tərəfindən dezinfeksiya tədbirləri və təsərrüfat işlərinə hazırlıq məsələləri diqqətdə saxlanılmalıdır.