Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsininqaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə təhsil müəssisələrinin maddi-tədris bazası daha da möhkəmləndirilib, tədris prosesi günün tələbləri səviyyəsində qurulub. Fənn kabinələri, fizika, kimya, biologiya laboratoriyaları zəruri avadanlıqlarla təmin olunub. Bütün bunlar isə təhsilin səviyyəsinin yüksəldilməsinə geniş imkanlar açıb.
Təhsil naziri bildirib ki, istedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək istiqamətində də müxtəlif tədbirlər həyata keçirilir. Muxtar respublika məktəblilərinin olimpiada hərəkatında daha fəal iştirak etmələri məqsədilə cari tədris ilində muxtar respublika və respublika olimpiadaları ilə yanaşı beynəlxalq olimpiada və müsabiqələr də keçirilib.
Cari tədris ilində IX-XI sinif şagirdləri üçün “Məktəblilərin muxtar respublika fənn olimpiadaları”, “Respublika fənn olimpiadaları”nın rayon (şəhər) və yarımfinal mərhələləri, II-X sinif şagirdləri üçün “Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi”, VII-IX sinif şagirdləri üçün “Amerikan Riyaziyyat Müsabqəsi” keçirilmişdir. Növbəti aylarda isə “Respublika fənn olimpiadaları”nın final mərhələsi, V siniflər üçün “Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası”, VI-VII siniflər üçün “Respublika fənn müsabiqəsi”, I-XI sinif şagirdləri üçün isə “SASMO” Beynəlxalq riyaziyyat olimpiadasının keçirilməsi nəzərdə tutulur.