Naxçıvan şəhərində dekabrın 21-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan İbtidai Sinif Müəllimlərinin Naxçıvan Forumu keçirilib.
Forumda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək, Naxçıvanda ilk dəfə təşkil olunan forumun işinə uğurlar arzulayıb. Fuad Nəcəfli bildirib ki, forumda Heydər Əliyevin təhsil sahəsindəki əvəzsiz xidmətləri bir daha təhlil olunsun, bu sahədə müəyyənləşdirdiyi vəzifələr prioritetləşdirilərək əsas fəaliyyət istiqaməti kimi götürülsün. Belə ki, Sovetlər Birliyi dövründə Ulu Öndərin rəhbərliyi ilə digər İttifaq respublikalarından fərqli olaraq Azərbaycanda təhsil milli maraqlara uyğunlaşdırılmış, hərbi təhsil sisteminin və milli kadr hazırlığının əsası qoyulmuşdur. Bununla yanaşı ötən əsrin 70-ci illərində Azərbaycanda gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq, ümumtəhsil məktəblərini daha da inkişaf etdirmək və kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında qərarların qəbul olunması ölkəmizdə orta məktəb şəbəkəsini genişləndirmiş, ümumtəhsil məktəblərinin sayı üç dəfədən çox artmış, əsaslı keyfiyyət dəyişikliyinə nail olunmuşdur.