Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Milli dəyərlər, toxuculuq və dekorativ tətbiqi sənət şöbəsi “Dekorativ tətbiqi sənət” dərnəyi üzvlərinin “Naxçıvantəpə” yaşayış yerinə ekskursiyası təşkil edilib. Ekskursiya zamanı AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev iştirakçılara qədim yaşayış yeri və burada arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi mədəniyyət nümunələri barədə ətraflı məlumat verib. Bildirilib ki, Naxçıvançayın sağ sahilində, dəniz səviyyəsindən 853 metr yüksəklikdə yerləşən “Naxçıvantəpə” arxeoloji abidəsi Naxçıvanın qədim tarixini özündə əks etdirən yaşayış yerlərindən biridir. Burada 2017-ci ildən arxeoloji qazıntılar aparılıb, Neolit, Eneolit və digər dövrlərə aid keramika nümunələri, heyvan sümükləri aşkarlanıb. Bu nümunələr Cənubi Qafqazla Yaxın Şərq mədəniyyətləri arasındakı əlaqələrin aşkarlanmasında və Naxçıvanın qədim dövr tarixinin öyrənilməsində böyük rola malikdir.