Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə məktəblilərin dram müsabiqəsinin hazırlıq seçimi mərhələsi davam etdirilir. Müsabiqənin keçirilməsinin əsas məqsəd “Oxunması zəruri olan kitabların siyahısı"nda olan əsərlərin məktəblilər arasında tətbiği, məktəblilərin dram əsərlərinə olan marağını artırmaq və onların bu sahə üzrə istedadlarını üzə çıxarmaqdan ibarətdir.
Bu məqsədlə Culfa Rayon Təhsil Şöbəsinin əməkdaşları rayonun ümumtəhsil məktəblərində olmuş, dram müsabiqəsinin seçim mərhələsində iştirak etmişlər. Seçim mərhələsində rayonun digər məktəbləri ilə yanaşı Qızılca kənd tam orta məktəbinin hazırladığı Nəcəf bəy Vəzirovun “Müsbəti Fəxrəddin” əsərinin tamaşası seçilmişdir.
11-15 yanvar 2021-ci il tarixlərdə Şahbuz rayon ümumtəhsil məktəblərinin 5-11-ci sinif şagirdləri arasında məktəbdaxili dram müsaqbiqəsi keçirilmişdir. Müsabiqədə 16 məktəbin şagirdi iştirak etmişlər. Müsabiqənin keçirilməsində məqsəd oxunması zəruri olan kitabların siyahısında olan əsərlərin şagirdlər arasında təbliği və məktəblilərin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətinin qiymətləndirilməsindən ibarətdir. Müsabiqədə “Oxunması zəruri olan kitabların siyahısı"na daxil olan əsərlərdən, Azərbaycan və dünya xalqlarının nağıllarından və seçilmiş nümunələrindən hazırlanmış parçalar göstərilmişdir.
19 yanvar 2021-ci il tarixdə Şahbuz rayon ümumtəhsil məktəblərində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd şagirdlərdə vətənə, torpağa bağlılıq, vətənpərvərlik tərbiyəsini aşılamaq, tarixi keçmişimizi dərindən öyrənmək, müstəqilliyimizin əldə olunmasında xalqımızın birliyini yada salmaqdan ibarətdir. Tədbirdə ümumtəhsil məktəblərinin şagirdləri məktəblərdə 20 Yanvarla bağlı yaradılmış guşələrə baxmış və şagirdlər vətənə, şəhidlərimizə aid şeirlər söyləmişlər.
19 yanvar 2021-ci il tarixdə Naxçıvan Şəhər Peşə Liseyində “20 Yanvar ümumxalq hüzn və milli qürur günüdür” mövzusunda anım tədbiri keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Xatirə Muzeyində 19 yanvar 2021-ci il tarixdə Naxçıvan Qarnizonu tam orta məktəb, 11, 12, 13 və 14 nömrəli tam orta məktəblər üzrə 15 şagirdin iştirakı ilə növbəti açıq dərs keçirilmişdir.