31 iyul saat 11:00-dan etibarən ölkə üzrə (Naxçıvan Muxtar Respublikası da daxil olmaqla) müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək. Nəzərinizə çatdırırıq ki, bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər 5 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər. Məlumat üçün qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq. Bütün namizədlərə uğurlar arzulayırıq!
|
İyulun 30-da Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov SIMOC 2024 Beynəlxalq Riyaziyyat Olimpiadasında qalib olan şagirdlərlə görüşüb. Şagirdlərin təhsil aldıqları müəssisələrin rəhbərlərinin də də iştirak etdiyi görüşdə Elxan Nəcəfov qalib olan məktəbliləri təbrik edərək son dövrlərdə Naxçıvan təhsilində şagird nailiyyətinin artırılması istiqamətində aparılan tədbirlərdən danışıb. Qeyd olunub ki, ötən tədris ilində Nazirlik tərəfindən bir neçə müsabiqə və olimpiadalar təşkil olunub. Növbəti tədris ilində də Cəlil Məmmədquluzadə adına humanitar fənlər olimpiadasının təşkili nəzərdə tutulur. Təhsil naziri həmçinin diqqətə çatdırıb ki, Naxçıvanda qiymətləndirmə və olimpiada mərkəzləri yaradılacaq. Görüşdə Beynəlxalq Riyaziyyat Olimpiadasında qalib olan şagirdlərə hədiyyələr təqdim olunub, xatirə fotosu çəkilib. Qeyd edək ki, Sinqapurda keçirilən olimpiadanın final turunda iştirak edən məktəblilərdən- Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbin VI sinif şagirdi Əlican Hüseyinli qızıl medala, Şərur Şəhər Fizika- Riyaziyyat Təmayüllü Liseyin X sinif şagirdi Rüstəm Sadiqov, Naxçıvan Qızlar Liseyinin VII sinif şagirdi Zəhra Mədədli, Naxçıvan Şəhər 5 nömrəli tam orta məktəbin VII sinif şagirdi Məhəmməd Əliyev isə bürüc medala layiq görülüblər. Naxçıvan Muxtar Respublikasında ümumi təhsil məktəblərinin şagirdləri buraxılış və qəbul imtahanlarında uğurlu nəticələr əldə ediblər. Buraxılış imtahanlarında son üç ilin ən yüksək nəticəsini göstərən məzunlar qəbul imtahanlarında da ötən ilin nəticələrini geridə qoyublar. Belə ki, 2023-2024-cü tədris ilində muxtar respublikanın ümumi təhsil məktəblərində təhsil alan 104 məzun 600-700 intervalında bal toplayıb ki, buda ötən tədris ili ilə müqayisədə 2.5 dəfə çoxdur. (Ötən il 42 məzun 600-700 intervalında bal toplamışdı) İyulun 29-u peşə təhsili müəssisələrinə 2024-2025-ci tədris ili üzrə tələbə qəbuluna başlanılır. Bu il ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında da tələbə qəbulu elektron şəkildə ölkə üzrə mərkəzləşmiş qaydada həyata keçirilir.
️Qeyd edək ki, peşə təhsili almaq istəyən şəxslər avqustun 12-dək portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıq olacaq.
Məlumat üçün bildirək ki, 2024/2025-cü tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 min 960 plan yeri üzrə aparılacaq. Bu yerlərdən 23 min min 185 dövlət sifarişli, 7775-i isə ödənişli olacaq. Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənəcək. Qəbul ilk və texniki peşə təhsili səviyyələri üzrə ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “şəxsi kabinetim” bölümündə yerləşdirilməsi, həmçinin SMS vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərinin əslinin təqdim edilməsi üçün dəvət olunacaqlar. Peşə təhsilinə tələbə qəbulu üçün elektron qeydiyyatdan keçən zaman aşağıdakı sənədlər tələb olunur: * Şəxsiyyəti təsdiq edən sənəd (Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər müvəqqəti və ya daimi yaşayış icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini); * Təhsil haqqında sənəd (attestat); * Əlilliyi olan şəxslər, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar müvafiq olaraq əlilliyini təsdiq edən sənəd, valideynlərini itirməsini və valideyn himayəsindən məhrum olmasını təsdiq edən sənəd.
Ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında Azərbaycan Respublikası elm və təhsil naziri əmr imzalayıb. Naxçıvan Muxtar Respublikasının ümumi təhsil məktəblərindən 8 məzunumuz qızıl, 1 məzunumuz isə gümüş nişana layiq görülüb. Qızıl nişana layiq görülən məzunlarımız: 1.1. Paşayeva Nərmin Şahin qızı - Naxçıvan MR Naxçıvan Qarnizonu tam orta məktəb 1.2. Ələkbərova Surə Zülfü qızı - Naxçıvan MR Naxçıvan Qızlar Liseyi 1.3. Bayramova Jalə Əfsəl qızı - Naxçıvan MR Naxçıvan Qızlar Liseyi 1.4. Abdullayev Ümüd Fuad oğlu - Naxçıvan MR Culfa rayonu Kırna kənd tam orta məktəb 1.5. Rzayev Yaqub Aqil oğlu - Naxçıvan MR Ordubad rayonu Gənzə kənd tam orta məktəb 1.6. Paşayev İsmayıl Hilal oğlu - Naxçıvan MR Şahbuz rayonu Badamlı qəsəbə tam orta məktəb 1.7. Rzazadə Murad Mübariz oğlu - Naxçıvan MR Sədərək rayonu Sədərək kənd 1 nömrəli tam orta məktəb 1.8. Rəhimli Polad Fuad oğlu - Naxçıvan MR Şərur şəhər Fizika-riyaziyyat təmayüllü lisey Şahbuz rayonu Kükü kənd tam orta məktəbinin məzunu Məmmədov Turqay Araz oğlu isə gümüş nişana layiq görülüb. Təbrik edirik.
|
|