Şahmat üzrə növbəti interaktiv dərs keçirilib

Naxçıvan Şahmat Mərkəzində “Respublika yarışlarındakı oyunların təhlili”, “Şahmat oyununda kompüter proqramlarından istifadə” və “Sonluqlara aid məsələ həlləri” mövzularında növbəti interaktiv dərs keçirilib. Dərs ümumtəhsil məktəblərinin şagirdləri üçün saat 11:00-da, şahmat fənnini tədris edən müəllimlər üçün saat 12:00-da, şahmat məktəbləri üçün isə saat 15:00-da baş tutub. İlk iki dərs beynəlxalq dərəcəli hakim Emin Hacıyev, sonuncu dərs isə beynəlxalq usta Toğrul Həsənzadə tərəfindən keçirilib.

Ümumtəhsil məktəblərinin şagirdləri üçün “Respublika yarışlarındakı oyunların təhlili” mövzusunda keçirilən interaktiv dərsdə məktəbin şagirdlərinin Respublika yarışlarında oynadıqları oyunlar haqqında məlumat verilib təhlil olundu. Şagirdləri maraqlandıran vəziyyətlər izah olundu.

Ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün “Şahmat oyununda kompüter proqramlarından istifadə” mövzusunda keçirilən dərsdə şahmat oyununda istifadə olunan proqramlar haqqında məlumat verildi. Emin Hacıyev tərəfindən müəllimlərə şahmat oyununa aid kompüter proqramlarından istifadəyə aid suallar verilərək, fikir mübadiləsi edildi. Müasir dövrdə belə proqramlardan istifadə edilməsinin vacibliyi vurğulandı. Suallar cavablandırıldı.

Şahmat məktəbləri ilə “Sonluqlara aid məsələ həlləri” mövzusunda keçirilən interaktiv dərsdə isə sonluqlara aid məsələ və etüdlər həll olundu. Belə vəziyyətlərdə necə düşünmək lazım olduğu izah olundu.

İnteraktiv dərs muxtar respublikanın 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə vasitəsilə izlənilib.

“Labirint həll edən robotlar” mövzusunda növbəti interaktiv dərs keçirilib

STEAM uşaqlarda erkən yaşlardan incəsənətə və elmlərə maraq oyatmaq məqsədi daşıyan təhsildir. Bu təhsil yanaşmasının mühüm hissəsi ondan ibarətdir ki, STEAM metodu ilə təhsil alan şagirdlər sadəcə mövzunu deyil, eyni zamanda necə sual vermək, sınaqdan keçirmək və yaratmağı da öyrənirlər.

Təhsilalanlarda belə mütəşəkkil düşüncəni inkişaf etdirmək və əldə olunan biliklərin layihə təlimi vasitəsilə təbii elmlər, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət kimi fənlərdə səmərəli tətbiqinə nail olmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış qrafikə uyğun olaraq dekabrın 14-də muxtar respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün STEAM təhsili ilə bağlı növbəti interaktiv dərs təşkil olunub. İnteraktiv dərs Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzində keçirilib. Təhsil Nazirliyinin təlimçisi Nailə Kazımova tərəfindən keçirilən interaktiv dərs dekabr ayında keçiriləcək “Labirint həll edən robot” müsabiqəsinə hazırlıq məqsədi daşıyır. Dərsdə müsabiqəyə necə hazırlaşmalı, hansı alqoritmanı qurmalı və necə kodlaşdırma etməli kimi məsələlərə toxunulmuşdur. Keçirilən bu dərs şagirdlər üçün həm öyrədici, həm də yarışlara hazırlıq üçün motivasiya xarakteri daşıyır.

Qeyd edək ki, interaktiv dərs muxtar respublikanın STEAM təhsil metodu tətbiq edilən 112 təhsil müəssisəsində izlənilib.

Şagirdlərimiz “SAF-2022” festivalında 2 qızıl və 2 bürünc medal qazanıblar

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 5-9 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı keçirilib. Beynəlxalq səviyyədə təşkil olunan SAF 2022-də müxtəlif kateqoriyalar üzrə Böyük Britaniya, İsveç, Türkiyə, Türkmənistan, Estoniya, Özbəkistan, Qazaxıstan və ölkəmizin müxtəlif regionlarından komandalar iştirak edib. 1300-ə yaxın iştirakçının qatıldığı festivalda 127 əcnəbi iştirak edib. Yarışlarda komanda fəaliyyətinin qiymətləndirilməsi məqsədilə Fransa, İsrail, Norveç, Çin və Türkiyədən mütəxəssislər dəvət edilib. 9 dekabr tarixinədək davam edən festival çərçivəsində müsabiqələr “VEX İQ”, və “VEX V5, “Robotiks”, “Lego”, “Axtarış və xilasetmə” (10-14, 15-18 yaş), “Hakaton” (ali məktəb), “Hakaton” (ümumtəhsil məktəbləri), “Xəyal dünyası” (ibtidai sinif), “Mexatronika”, “Təhsil dronları” adı ilə ümumilikdə 10 kateqoriya üzrə müəyyənləşdirilib, “İnnovativ layihələr sərgisi” təşkil olunub.

Fərqli yaş qrupları və sahələrini əhatə edən müsabiqələrdə 43 komanda I, 102 komanda II, 108 komanda isə III yerə layiq görülüb.


 

Naxçıvan Muxtar Respublikasından isə bu festivalda 8 şagird 4 komanda – Əlincə Qala, Naxçıvan, Qapıçıq, Mühəndislər komandası iştirak edib. Qapıçıq və Naxçıvan komandaları “Survivor”, Əlincə Qala komandası “Edu Drone” kateqoriyaları üzrə, Mühəndislər komandası isə “İnnovativ layihələr sərgisi”ndə mübarizə aparıb. Naxçıvan komandası “Survivor” kateqoriyasında ən yaxşı təqdimat nominasiyası üzrə II, Qapıçıq komandası ümumi qaydaları yerinə yetirdiyinə görə III yerə layiq görülüb. Mühəndislər komandası isə 200-ə yaxın komanda arasında ilk otuzluqda yüksək nəticə göstərmişdir. “SAF 2022” festivalını birinciliklə başa vuran Əlincə Qala komandası isə 2 mərhələdə təşkil olunan yarışın I mərhələsində maksimum bal olan 330, ikinci mərhələdə də eyni qaydada maksimum– 150 bal toplayaraq I yerə layiq görülüb.

Yekun nəticələrə əsasən Naxçıvan və Mühəndislər komandası qiymətli hədiyyələrlə mükafatlandırılmış, Qapıçıq komandası 2 bürünc, Əlincə Qala komandası isə 2 qızıl medala layiq görülmüşdür.

Qeyd edək ki, ötən il keçirilən festivalda iştirak edən Naxçıvan məktəbliləri “Lego Sumo” kateqoriyası üzrə III yerə layiq görülmüşdür. STEAM sahəsinə göstərilən diqqət və qayğı, bu sahədəki müəllimlərin mütəmadi olaraq kurslara göndərilməsi və şagirdlər arasında müsabiqələrin təşkili öz bəhrəsini vermiş, bir ildən sonra Beynəlxalq festivalda qalibiyyətlə nəticələnmişdir.

“Ürəklərdə yaşayan dahi” mövzusunda interaktiv dərs keçirilib

Dekabrın 12-də Heydər Əliyev Muzeyindən muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Ürəklərdə yaşayan dahi” mövzusunda interaktiv dərs keçirilib.

İnteraktiv dərsdə Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, azərbaycançılıq ideyası və xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətlər haqqında məlumat verilmişdir. Bildirilib ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi Heydər Əliyevin xidmətləridir.

Zəngin dövlətçilik təcrübəsinə malik olan ümummilli lider Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Heydər Əliyevin müəllifi olduğu 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi.


 

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, onu milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir. Ümummilli lider xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla çoxsaylı görüşlər keçirmiş, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər yaratmağa səsləmişdir. Ulu öndər daim həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, eyni zamanda, Vətənlə - doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırmışdır. 1997-ci ildə Heydər Əliyev ABŞ-a rəsmi səfəri zamanı Azərbaycan diasporu qarşısında çıxışında bu istiqamətdə əsas prinsipləri müəyyən etmişdir: "Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər... Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan".

Sonra şagirdlərin diqqətinə çatdırılıb ki, milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideyalarını öz yolunda mayaka çevirəcəkdir.

Qeyd edək ki,dərs muxtar respublikanın 200-dən çox təhsil müəssisəsində izlənilib.

Dərsliklərin təkmilləşdirilməsi ilə bağlı müzakirələr davam etdirilir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə dərsliklərin təkmilləşdirilməsi istiqamətində VIII və XI siniflər üzrə Azərbaycan dili və ədəbiyyat dərsliklərinin müzakirəsi keçirilib. Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə keçirilən müzakirədə ümumtəhsil məktəblərinin qabaqcıl müəllimləri, muxtar respublikanın ali təhsil ocaqlarının professor və müəllim heyəti, Naxçıvan şəhərinin ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçən tələbələr iştirak edib.

Müzakirədə iştirak edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının şöbə müdiri Abdulla Əsgərov bildirib ki, dərsliklərimiz istər məzmun, istər üslub, istərsə də dizayn baxımından ilbəil təkmilləşir. Dərsliklərin çapdan öncə müzakirəyə çıxarılması da mövcud çatışmazlıqların aşkarlanmasına kömək edir. Təhsil Nazirliyi də buna uyğun olaraq ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində muxtar respublikanın ali təhsil müəssisələrinin professor-müəllim heyəti, ümumtəhsil məktəblərinin qabaqcıl fənn müəllimləri, həmçinin pedaqoji profilli ixtisaslarda təhsil alan sonuncu kurs tələbələrinin iştirakı ilə 2023-2024-cü tədris ili üçün yenidən nəşr olunacaq dərsliklərin müzakirəsini həyata keçirir.


 

Bildirilib ki, müzakirələrin sonunda hazırlanacaq rəy və təkliflər həmin dərsliklərin təkmilləşdirilməsinə öz töhfəsini verəcəkdir.

Daha sonra dərsliklərin müzakirəsi keçirilib. Müzakirələrin gedişində iştirakçılar dərsliklər ilə bağlı öz fikir və təkliflərini bölüşüblər.

Qeyd edək ki, müzakirələrdən sonra yekun təkliflər hazırlanaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə təqdim olunub.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg