Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli Rayon Bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə Kəngərli və Şərur rayon şahmatçıları arasında “26-İyun Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tempo turniri keçirilib. Rayonun Uşaq-gənclər şahmat məktəbində keçirilən tempo turniri başlamazdan əvvəl Uşaq-gənclər şahmat məktəbinin direktoru Əli Hüseynzadə çıxış edərək yarış iştirakçılarını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib və ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edildiyini vurğulayaraq Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının ümummilli liderin adı ilə bağlı olduğunu bildirib. O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib və hər an düşmənə layiqli cavab vermək əzmindədir. Vurğulayıb ki, 2020-cı ilin sentyabrın 27-si başlayan II Qarabağ müharibəsində Azərbaycan Ordusunun rəşadət göstərərək düşməni məğlub etməsi və işğal altındakı Qarabağın azad olunması buna ən böyük nümunədir.