Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə 22 fevral 2021-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində məktəblilərin dram müsabiqəsinin şəhər mərhələsi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan və dünya xalqlarının ədəbiyyatları, şifahi xalq ədəbiyyatı, klassik və müasir ədəbiyyat və “Oxunması zəruri olan kitabların siyahısı”a daxil edilən əsərlərin məktəblilər arasında təbliği, məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanmasından ibarət olub.
Müsabiqənin məktəbdaxili seçim mərhələsi 11-15 yanvar 2021-ci il tarixlərdə Naxçıvan şəhər ümumtəhsil məktəblərində keçirilib.
22 fevral 2021-ci il tarixdə Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzində “Xocalı Soyqırımı və Vətənpərvərlik” mövzusunda sərgi təşkil olunub. Sərginin keçirilməsində məqsəd Xocalı soyqırımını unutmamaq, nəsildən-nəslə ötürülərək yaddaşlarda yaşatmaqdan ibarət olub.
Fevralın 22-də muxtar respublika ümumtəhsil məktəbləri ilə Naxçıvan şəhərində yerləşən Cəlil Məmmədquluzadənin ev-muzeyi arasında “Görkəmli Azərbaycan ədibi” mövzusunda interaktiv dərs keçirilib.
Fevralın 20-də Naxçıvan Şəhər Təhsil Şöbəsinin kollektivi Cəmşid Naxçıvanskinin Ev Muzeyində ekskursiyada olub.