24 fevral 2021-ci il tarixdə Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin idman zalında Naxçıvan şəhər ümumtəhsil məktəblərində yaradılan idman klublarının oğlan komandaları arasında basketbol birinciliyi keçirilmişdir.
Tədbirin açılışında Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək bildirmişdir ki, birinciliyin keçirilməsində məqsəd şagirdləri basketbol idman növünə cəlb etməkdən ibarətdir. Daha sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Şahmar Hüseynov və Uşaq-Gənclər İdman Məktəbinin direktoru Məmmədcəfər Əliyev birinciliyin qaydaları haqqında komandalara məlumat vermiş və onlara uğurlar arzulamışlar.
Ordubad rayon Texniki Peşə və Sürücülük məktəbinin idman zalında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında rayon məktəblərinin şagirdləri arasında stolüstü tennis üzrə rayon birinciliyi keçirilmişdir.
24 fevral 2021-ci il tarixdə Ordubad şəhər 3 nömrəli tam orta məktəbdə məktəblilərə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Xocalıda hər iki valideynini itirmiş 25 uşaq haqqında Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının motivləri əsasında çəkilmiş eyniadlı film nümayiş olunmuşdur. Ordubad Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının Gənclər Birliyinin birgə təşkilatçılığı ilə nümayiş olunan filmə 12 yeniyetmə məktəbli baxmışdır.
Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə 23 fevral 2021-ci il tarixdə Şərur rayon “Bahar” kinoteatrında məktəblilərin dram müsabiqəsinin rayon mərhələsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan və dünya xalqlarının ədəbiyyatları, şifahi xalq ədəbiyyatı, klassik və müasir ədəbiyyat əsərlərinin məktəblilər arasında təbliği, intelektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanmasından ibarət olub.