20 avqust 2020-ci il tarixdə Şərur Rayon Gənclər və İdman İdarəsi, Uşaq-Gənclər İdman Məktəbi və Atletika Federasiyasının Şərur Rayon bölməsinin birgə təşkilatçılığı ilə, sağlamlıq imkanları məhdud idmançılar arasında Atletika idman növü üzrə 100 metr məsafəyə qaçış yarışı keçirilib. Yarış Şərur Rayon Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan yarışda 9 idmançı iştirak edib. Gərgin və maraqlı keçən yarışın nəticəsinə görə Pünhan Səfərov I yerə, Engin Novruzov II yerə, Emil Cabbarov isə III yerə layiq görülüb. Qaliblər təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlarla mükafatlandırılıblar.
20 avqust 2020-ci il tarixdə Beynəlxalq Gənclər Günü ilə əlaqədar Əcəmi Seyrəngahında muxtar respublika ümumtəhsil məktəblilərinin X-XI sinif şagirdləri arasında “Naxçıvan abidələr diyarı” mövzusunda rəsm müsabiqəsi keçirilib. 20 nəfər gəncin iştirak etdiyi müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tabeliyindəki ümumtəhsil məktəblərində yaranan vakant hərbi rəhbər vəzifələrinin tutulması üçün müsabiqə elan edir. Müsabiqədə iştirak etmək istəyən şəxslər 01-10 sentyabr 2020-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində yaradılmış komissiyaya müvafiq sənədlərini təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müsabiqədə ali təhsilli Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtsasını bitirmiş, hərbi xidmətini başa vurmuş, yaşı 35-dək olan namizədlər iştirak edə bilərlər.
19 avqust 2020-ci il tarixdə şagirdlərin yay tətilində asudə vaxtlarını səmərəli təşkil etmək və məktəblilərə vətənpərvərlik və vətəndaşlıq hisslərini aşılamaq məqsədilə şəhər məktəblilərinin Naxçıvan Döyüş Şöhrəti Muzeyinə ekskursiyası təşkil olunub. Naxçıvan Şəhər Təhsil Şöbəsi və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 20-ə yaxın şagird iştirak edib.