Naxçıvan Muxtar Respublikası Turist Diyarşünaslıq Mərkəzinin dərnək üzvlərinin Xan Sarayı Dövlət Tarix-Memarlıq, Möminə Xatın, Açıq Səma Altındakı Muzey Kompleksinə ekskursiyası təşkil olunub. Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən abidələr haqqında dərnək üzvlərini geniş məlumatlandırmaq tarixi irsimizi, dəyərlərimizi gənc nəslə sevdirmək məqsədilə təşkil edilən ekskursiyada mərkəzin 5 dərnək rəhbəri və 20 dərnək üzvü iştirak edib.
Muxtar respublikada ümumtəhsil müəssisələri ilə yanaşı məktəbdənkənar tərbiyə müəssisələrində də uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi üçün zəruri şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2019-2020-ci tədris ilindən etibarən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 12 adda yeni innovativ dərnək - Robotexnika, Memarlıq-dizayn, Mental aritmetik, Dulusçuluq, Xalçaçılıq, Metal üzərində bədii döymə, Ağac üzərində oyma, Ebru sənəti, Qum sənəti, Dram, Gimnastika və Sürətli oxu dərnəkləri, 2020-2021-ci tədris ilindən isə STEAM dərnəyi fəaliyyət göstərir ki, həmin dərnəklər də zəruri avadanlıqlarla təchiz edilib.
16 aprel 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün interaktiv dərs keçirilib. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitunun “Ədəbiyyatşünaslıq” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov tərəfindən keçirilən interaktiv dərs Azərbaycan saz-söz sənətinin qüdrətli ustadlarından olan Aşıq Ələsgərin həyat və yaradıcılığına həsr edilib.
Aprelin 15-də Naxçıvan Şahmat Mərkəzində növbəti interaktiv dərs keçirilib.
Şagirdlərin formalaşmasında, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin müstəsna əhəmiyyəti vardır. Mütaliə şagirdlərdə söz ehtiyatını artırır, onların nitq mədəniyyətinin formalaşmasına, sərbəst düşünüb nəticə çıxarmalarına mühüm təsir göstərir. “Məktəblilərin dram müsabiqəsi” də şagirdlərdə mütaliə vərdişlərinin formalaşması istiqamətində keçirilən müsabiqələrdən biridir. Bu gün “Məktəblilərin dram müsabiqəsi”nin yekununa həsr olunmuş tədbir keçirilib.