Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mütaliə aylığı” çərçivəsində aprelin 19-u ümumtəhsil məktəblərinin şagirdləri arasında ilk dəfə “Mən oxudum, Siz də oxuyun” devizi altında kitab bağışlama aksiyası keçirilib. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə ümumtəhsil məktəblərinin şagirdləri ilə yanaşı, məktəbdənkənar tərbiyə müəssisələrinin dərnək üzvləri də iştirak edib.
Ümummilli lider Heydər Əliyev kitabxanaların əhəmiyyətinə yüksək qiymət verərək demişdir: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”. Buna görə də “Mütaliə aylığı” çərçivəsində təhsil müəssisələrində kitabxanaların fəaliyyətinin gücləndirilməsi, yaradılan əlverişli şəraitdən səmərəli istifadənin təşkili və şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması diqqətdə saxlanılır. Bu işlərin davamı olaraq aprelin 17-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin kitabxanaçıları ilə “Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda konfrans keçirilib.
Culfa Rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Uşaq Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Culfa şəhər 3 nömrəli tam orta məktəbin idman zalında stolüstü tennis idman klubları arasında yoldaşlıq görüşü keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin idman bacarıqlarını inkişaf etdirmək və istedadlarını üzə çıxarmaq, onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olmuşdur. Yarışın yekun nəticəsinə əsasən Bənəniyar kənd tam orta məktəbin komandası I, Culfa şəhər 3 nömrəli tam orta məktəbin komandası II, Culfa şəhər 2 nömrəli tam orta məktəbin komandası III yeri tutmuşdur. Qalib gələn komandalara və fərqlənən idmançılara diplomlar verilmişdir.
Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, yeni sənaye və xidmət sahələrinin yaradılması, həmin sahələrdə müasir informasiya texnologiyalarının tətbiqi təhsil sahəsində, xüsusən də dəqiq elmlər sahəsində dərin bilik verilməsinə tələbatı artırır. Bu sahədə muxtar respublikada kadrların hazırlanması diqqətdə saxlanılmış, təhsilə göstərilən hərtərəfli qayğının daha bir nümunəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 aprel 2015-ci il tarixli Sərəncamı ilə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılmışdır.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərində “Mütaliə aylığı” çərçivəsində tədbirlət təşkil edilib.