Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Milli dəyərlər, toxuculuq və dekorativ tətbiqi sənət şöbəsi “Dekorativ tətbiqi sənət” dərnəyi üzvlərinin “Naxçıvantəpə” yaşayış yerinə ekskursiyası təşkil edilib. Ekskursiya zamanı AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev iştirakçılara qədim yaşayış yeri və burada arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi mədəniyyət nümunələri barədə ətraflı məlumat verib. Bildirilib ki, Naxçıvançayın sağ sahilində, dəniz səviyyəsindən 853 metr yüksəklikdə yerləşən “Naxçıvantəpə” arxeoloji abidəsi Naxçıvanın qədim tarixini özündə əks etdirən yaşayış yerlərindən biridir. Burada 2017-ci ildən arxeoloji qazıntılar aparılıb, Neolit, Eneolit və digər dövrlərə aid keramika nümunələri, heyvan sümükləri aşkarlanıb. Bu nümunələr Cənubi Qafqazla Yaxın Şərq mədəniyyətləri arasındakı əlaqələrin aşkarlanmasında və Naxçıvanın qədim dövr tarixinin öyrənilməsində böyük rola malikdir.
Culfa Rayon Təhsil Şöbəsi, Uşaq Gənclər İdman Məktəbi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında Culfa rayon ümumtəhsil məktəblərinin idman klubları arasında basketbol üzrə yoldaşlıq görüşü keçirilib. Culfa şəhər 3 nömrəli tam orta məktəbin idman zalında keçirilən yarış maraqlı və gərgin mübarizə ilə yekunlaşıb. Yarışın yekun nəticəsinə əsasən Yaycı kənd 2 nömrəli tam orta məktəbin komandası qalib gəlib.
Aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilmiş, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Mütaliə aylığı”nın keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq olunmuşdur. Tədbirlər Planına uyğun olaraq Şərur şəhər 2 nömrəli tam orta məktəbdə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan “Kitabi-Dədə Qorqud” dastanının müzakirəsi keçirilib. Tədbirdə çıxış edənlər dastan haqqında qısa məlumat verərək qeyd ediblər ki, “Kitabi-Dədə Qorqud” dastanının bu gün də dərindən öyrənilməsinə və məktəblilər arasında təbliğinə ehtiyac var. Şagirdlərə dastanın mütaliə edilməsinin vacibliyi tövsiyə edilib.
Kəngərli Rayon Təhsil Şöbəsinin və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Naxçıvanımızı tanıyaq” müsabiqəsinin rayon mərhələsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Döyüş Şöhrəti Muzeyində Heydər Əliyev adına tam orta məktəb, Naxçıvan şəhər 7, 8, 9 və 10 nömrəli tam orta məktəblər üzrə 20 şagirdin iştirakı ilə açıq dərs keçirilib.