Uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün əlverişli şəraitin yaradılmasında, onların istirahətinin, asudə vaxtlarının mənalı təşkilinin təmin edilməsində məktəbdənkənar təhsilin böyük rolu var. Hazırda muxtar respublikada 36 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir ki, həmin müəssisələr müasir standartlara cavab verən ən yeni avadanlıqlarla zənginləşdirilib, uşaqların asudə vaxtlarında öz potensiallarını inkişaf etdirmələri üçün hər cür şərait yaradılıb. Məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklərin yaradılması ilə bağlı verilmiş tapşırığa əsasən 2019-2020-ci tədris ilindən etibarən ötən müddət ərzində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində, Şərur rayonunun məktəbdənkənar təhsil müəssisələrində və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə, ümumilikdə 30 innovativ dərnək yaradılmışdır. Qısa müddət ərzində bu dərnəklərin imkanlarından 1500-dən çox şagird yararlanmışdır.
“Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” 2019-cu il aprelin 15-də keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Təhsil Nazirliyinə ali məktəblərin professor və müəllim heyətləri ilə birlikdə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsinin təmin edilməsi tapşırılmışdır.
16-17 dekabr tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin “Kreativ Azərbaycan” portalının dəstəyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, AREA-Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə ilk “Creative Solution Go” - “Yaradıcı həllərə doğru” olimpiadası təşkil edilib. Layihə ölkəmizdə innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi, gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə baş tutub.
Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin təşkilatçılığı ilə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə “Qarabağ Azərbaycandır!” adlı sərgi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin “Memarlıq” kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qənbərova tarixi qələbə münasibətilə hər kəsi təbrik edib, gələcəyimiz olan uşaqları tariximizi unutmamağa çağırıb.
Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə 16 dekabr 2020-ci il tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində “31-Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” mövzusunda açıq dərs keçirilmişdir. Açıq dərsdə Naxçıvan Qarnizonu tam orta məktəbi, Naxçıvan şəhər 13, 14, 15 və 16 nömrəli tam orta məktəblər üzrə ümumilikdə 15 şagird iştirak etmişdir.