Sentyabrın 10-da Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir. Konfransda muxtar respublikanın təhsil müəssisələrinin rəhbərləri, Təhsil Nazirliyinin əməkdaşları, qabaqcıl müəllimlər iştirak ediblər.
Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov açaraq təhsilə göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, muxtar respublikamızda təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir. Ötən dövr ərzində 10 ümumtəhsil məktəbi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidənqurularaq istifadəyə verilmiş, Heydər Əiyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Şərur Rayon Uşaq Gənclər Yaradıcılıq, Texniki yaradıcılıq və Turzim-Diyarşünaslıq mərkəzlərində, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə innovativ dərnəklər yaradılmışdır. Hazırda da bu sahədə işlər davam etdirilir.