Muxtar respublikada yaşayan bütün uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar hər zaman dövlət qayğısı ilə əhatə olunmuş, onların hərtərəfli inkişafı, cəmiyyətə adaptasiyası və inteqrasiyası, təhsil hüquqlarının təmin olunması diqqət mərkəzində saxlanılmışdır. Sağlamlıq imkanları məhdud uşaqların layiqli vətəndaş kimi formalaşması, cəmiyyətə inteqrasiya olunması, təhsilə cəlbinin davamlılığının təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyasi üzrə Dövlət Proqramı”nın təsdiq olunması bu kateqoriyadan olan uşaqların təlim-tərbiyəsi, onların hüquqlarının müdafiə olunması istiqamətində görülən işlərin və göstərilən qayğlının daha bir nümunəsidir.
Şagirdlərin sağlam həyat tərzi və asudə vaxtlarının səmərəli təşkili təlim-tərbiyə sisteminin prioritet istiqamətlərindən biridir. Məktəblilərin asudə vaxtının illik həcminin əhəmiyyətli hissəsini yay tətili təşkil edir. Tədris ili boyunca dərs oxuyan, imtahan və digər sınaqlardan keçən şagirdlər psixoloji və zehni yoğunluqdan qurtarmaq üçün yay istirahətinə ehtiyac duyurlar. Ona görə də uşaqların asudə vaxtının, xüsusilə də yay istirahətinin səmərəli təşkili üçün keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir. Uşaqların asudə vaxtının səmərəli təşkili onları zərərli vərdişlərdən də uzaq tutur.
27-31 avqust 2020-ci il tarixlərdə Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə təhsilverənlərin sertifikatlaşdırılmasına dair rayon ümumtəhsil məktəblərinin müəllimlərinə onlayn seminarlar keçirilib. Ümumilikdə 100 nəfərə yaxın müəllim və Təhsil şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən seminarlar hər fənn həftədə 1 dəfə olmaqla 8 fənn üzrə təşkil olunub. Seminarlarda Azərbaycan dili, ibtidai sinif, riyaziyyat, tarix, coğrafiya, ingilis dili, kimya, biologiya və fizika fənlərini tədris edən müəllimlər iştirak ediblər.
Naxçıvan Muxtar respublikası İqtisadiyyat Nazirliyi, Sədərək Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Sədərək Rayon Mərkəzi Bazarında yeni tədris ili ərəfəsində müəllim və şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını rahat şəkildə təmin etmək məqsədilə məktəbli yarmarkası təşkil olunub.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə 24 avqust 2020-ci il tarixdən başlayaraq ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırmaya hazırlığı məqsədilə onlayn seminarların keçirilməsi təşkil edilmişdir. Avqust ayının sonuna qədər bütün ümümtəhsil fənlərinin hər birindən bir məşğələ saatı keçirilmiş, pedaqogikanın və yeni təhsil proqramlarının ən vacib məsələləri müəllimlərlə müzakirə edilmişdir. Seminarlar Şəhər Təhsil Şöbəsinin əməkdaşları və ümumtəhsil məktəblərinin ən təcrübəli müəllimləri tərəfindən aparılmışdır.