Naxçıvan Muxtar Respublikası Təhsil, Daxili İşlər və Gənclər və İdman nazirliklərinin birgə hazırlanmış tədbirlər planına əsasən Nüsnüs kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların milli-mənəvi dəyərlər, vətənpərvər ruhda tərbiyə edilməsi məqsədilə profilaktik tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər yetkinlik yaşına çatmayan şagirdlərin asudə vaxtlarında idman yarışlarının təşkil edilməsi və idmana cəlb edilmələri, “Oxunması zəruri olan kitablar”ın mütaliəsi və sosial şəbəkələrin müsbət və mənfi cəhətləri mövzuların maarifləndirici söhbət aparmışlar.
Həmçinin Ordubad Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin “Milli dəyərlərimiz” mövzusunda rayon muzeylərinə ekskursiyaları təşkil edilmişdir.
Hər il olduğu kimi bu il də xüsusi istedadı ilə seçilən məktəblilərin aşkarlanması və məktəblilərin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən bir sıra layihələr, müsabiqə və tədbirlər təşkil edilir. Belə müsabiqələrdən biri də Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsidir. Şagirdlərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanması, onların fərdi potensiallarının inkişafı, ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə keçirilən müsabiqə muxtar respublikanın bütün ümumtəhsil müəssisələrini əhatə edir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən məktəbdənkənar tərbiyə müəssisələrinin dərnək üzvləri arasında “Elimizə bahar gəlir” mövzusunda rəsm müsabiqəsi keçirilib.
Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “Ümumtəhsil məktəblərində kargüzarlıq işinin təşkili” ilə əlaqədar direktorların, təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin, psixoloqların, tərbiyə işləri üzrə direktor müavinlərinin (təşkilatçı) və uşaq birliyi təşkilat rəhbərlərinin qeyd olunan sahə üzrə fəaliyyətlərinin istiqamətləndirilməsi ilə bağlı seminar keçirilib.
