Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə 10 mart 2021-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Təhsil Nazirliyinə birbaşa tabe məktəbdənkənar təhsil müəssisələrinin dram müsabiqəsinin şəhər mərhələsi keçirilib.
Azərbaycan və dünya xalqlarının ədəbiyyatları, şifahi xalq ədəbiyyatı, klassik və müasir ədəbiyyat və “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilən əsərlərin məktəblilər arasında təbliği, məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanması məqsədilə keçirilən müsabiqənin seçim mərhələsi yanvar ayı ərzində keçirilmiş və seçilmiş səhnələr şəhər mərhələsində iştirak etmək hüququ qazanmışdır. Bu gün keçirilən şəhər mərhələsində isə 4 məktəbdənkənar təhsil müəssisəsi üzrə 29 şagird iştirak edib.
Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin təsdiq etdiyi əsasnaməyə uyğun olaraq Şahbuz rayon ümumtəhsil məktəbləri arasında məktəblilərin dram müsabiqəsinin rayon mərhələsi keçirilib.
Naxçıvan şəhər ümumtəhsil məktəblərində pedaqoji ixtisaslar üzrə təhsil alan təcrübəçi tələbələrin öyrəndikləri nəzəri biliklərin tətbiqi yolu ilə ixtisaslarını dərindən mənimsəmələri və peşəkar müəllim kimi inkişaf etmələrinə şərait yaratmaq məqsədilə “Sabahın müəllimi” layihəsi davam edir. Hər il olduğu kimi, bu tədris ilində də Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Universitetindən ümumilikdə 376 tələbə fevralın 16-dan mayın 22-dək Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan Qızlar Liseyində, Naxçıvan şəhər ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçirlər.
“5 mart-Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə bir sıra tədbirlər keçirilmişdir. Belə ki, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin idman zalında şəhər ümumtəhsil məktəblərində yaradılan idman klublarının qız komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü təşkil edilmişdir. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi görüşdə şəhər 5 və 15 nömrəli tam orta məktəblərin komandaları iştirak etmişdir. Tədbirdə çıxış edənlər “5 mart-Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə komandaları təbrik etmiş və onlara uğurlar arzulamışlar. Yoldaşlıq görüşünün yekununa əsasən Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin komandası 3:1 hesabı ilə qalib gəlmişdir. Sonda hər iki komandaya təşkilatçıların diplom və fəxri fərmanları təqdim edilmişdir.