Ordubad Rayon Texniki Peşə və Sürücülük Məktəbində Ordubad Rayon Təhsil Şöbəsinin, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının yerli rayon bölməsinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü”nün qeyd edilməsi məqsədilə oğlan və qız atletlərdən ibarət rayon ümumtəhsil məktəblərinin komandaları arasında atletikanın qaçış idman növü üzrə rayon birinciliyi keçirilmişdir. Yarışda 10 komanda üzrə ümumilikdə 60 idmançı birincilik uğrunda mübarizə aparmışlar. Tədbirin açılış mərasimində çıxış edənlər bədən tərbiyəsi və idmana olan dövlət qayğısını diqqətə çatdırmış və komandalara uğurlar arzulamışlar. Maraqlı və gərgin mübarizənin yekun nəticəsinə əsasən Ordubad şəhər 3 nömrəli tam orta məktəbin komandası I, İnternat tam orta məktəbinin komandası II, Vənənd kənd tam orta məktəbin komandası isə III yerə layiq görülmüşdür. Yarış üzrə fərdi nəticələrə görə isə oğlanlar arasında Bayramlı Tağı İntiqam oğlu, qızlar arasında isə Sadiqli Səkinə İnsaf qızı yarışın qalibi olmuşdur. Sonda qalib komandalar və yüksək nəticə göstərən idmançılar təşkilatçılar tərəfindən diplom, medal və kubokla mükafatlandırılmışdır.
Sədərək rayon idman klublarında və ümumtəhsil məktəblərində “5 mart - Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş tədbirlər keçirilib.
Naxçıvan Muxtar Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Culfa Rayon Mədəniyyət Sarayında rayonun ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri arasında məktəblilərin dram müsabiqəsinin rayon mərhələsi keçirilmişdir. Müsabiqənin keçirilməsində məqsəd “Oxunması zəruri olan kitabların siyahısı”nda olan əsərlərin məktəblilər arasında təbliği, şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsi, ədəbi-bədii təfəkkürünün formalaşdırılması, xüsusi istedad və bacarıqlarının inkişaf etdirilməsi və aktyorluq qabiliyyətinin üzə çıxarılması olmuşdur.
Muxtar respublikada şagirdlərin yaxşı təhsil almaları ilə yanaşı, onların fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili hər zaman diqqət mərkəzində olmuşdur. Bu işlərin davamı olaraq təhsil müəssisələrində yaradılan idman klublarına yeni idman avadanlıqları alınmışdır. Martın 4-də idman avadanlıqlarının təqdimatı keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə icra olunan “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları elmi rəhbərləri ilə hazırladıqları layihələrlə müxtəlif respublika və beynəlxalq müsabiqələrdə iştirak edirlər. Belə müsabiqələrdən biri də “Sabahın alimləri” X respublika müsabiqəsidir.