Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mən sağlam böyüyəcəyəm” devizi altında idman yarışlarının keçirilməsi haqqında “Tədbirlər Planı”na uyğun olaraq Təhsil Şöbəsi, Polis Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Yurdçu kənd tam orta məktəbinin idman zalında ümumtəhsil məktəblərinin qızlardan ibarət voleybol idman klubları arasında yoldaşlıq görüşü keçirilib.
7 aprel bütün dünyada Sağlamlıq Günü kimi qeyd olunur. Bu tarix 1948-ci il aprelin 7-də BMT-nin xüsusi agentliyi kimi yaradılan Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətə başlaması ilə əlaqədardır. “7 aprel – Ümumdünya Sağlamlıq Günü” ilə bağlı Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərində “Sağlamlığımızı qoruyaq” mövzusunda maarifləndirici söhbətlər aparılmış, ibtidai və yuxarı siniflərdə 70 müəllim mövzu ilə bağlı olaraq 1250-dən artıq şagirdə geniş məlumat vermiş, slaydlardan, internet resurslarından istifadə edilərək açıq dərslər keçirilmiş, şagirdlərin bu mövzu ətrafında bilik və dünyagörüşünün artırılması təmin edilmişdir.
Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə 6 aprel 2021-ci il tarixdə Naxçıvan Dövlət Xalça Muzeyində Naxçıvan Qızlar Liseyi, Naxçıvan şəhər 4, 5, 6 və 7 nömrəli tam orta məktəblər üzrə 15 şagirdin iştirakı ilə açıq dərs keçirilmişdir.
Şagirdlərin formalaşmasında, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin rolu nəzərə alınaraq aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığıˮ elan edilmişdir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin “Mütaliə aylığıˮnın keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq Şərur şəhər 2 nömrəli tam orta məktəbdə “Nizaminin hikmət və nəsihətləriˮ kitabının müzakirəsi keçirilib. Tədbirdə çıxış edənlər şairin həyatı haqqında qısa məlumat verərək qeyd ediblər ki, Nizami Gəncəvi ədəbi irsinin bu gün də dərindən öyrənilməsinə və məktəblilər arasında təbliğinə ehtiyac var. Şagirdlərə dahi şairin yazdığı poemaların və şeirlərin mütaliə edilməsinin vacibliyi tövsiyə edilmişdir.
Təhsil Nazirliyi tərəfindən təşkil edilən “Sabahın müəllimi” layihəsi çərçivəsində görülən işlərin davamı olaraq 6 aprel 2021-ci il tarixdə Naxçıvan şəhər 11, 12 və 14 nömrəli tam orta məktəblərdə təcrübəçi tələbələrə “Ümumtəhsil məktəblərində fənn kurikulumlarının tətbiqi və məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları” mövzusunda seminar keçirilmişdir. Seminarda Naxçıvan Müəllimlər İnstitutunun tələbələri iştirak etmişdir.